post-title

Dözümlü, zəhmətkeş və LOX

Artıq ayılmaq vaxtıdı. Hətta gecikirik belə deyə bilərəm. Nağıllardan, yalanlardan. Beynimizə süni şəkildə doldurulmuş kənd dəyərlərindən. Artıq mədəniləşmək, əhilləşmək vaxtıdı. Onsuz da bütün dünya bizə gülür. Bu vəhşilikdən qurtulmalıyıq.

 

 
Bir neçə il əvvəl bir idmançı dostum Fransaya beynəlxalq yarışa getmişdi.
 
Yarışa 2 gün qalmış Gənclər və İdman Nazırliyi bütün idmançıları və heyəti Paris gəzintisinə çıxarır. Luvrda gəzinti, Champs-Elysesdə alış-verış və sonda şəhərdəki ən bahalı İtalyan restoranlarından birində şam yeməyi. Yemək vaxtı bizimkilər başlayır sözün əsl mənasında özlərini buraxmağa. Pizzanı fırlatmalar, pizzadan pomidorları götürüb bir-birlərinə atmalar, spagettiləri barmaqlarına dolamalar. Və birdən yan masadakı ofisiant bunlara yaxınlaşır və Azərbaycanlı dilində “Azərbaycanlı deyilsiz?” sualını verir. Ofisiant orda təhsil alan bir azərbaycanlı tələbəymiş. Və o da öz millətini tanıyır.
 
Bu gün biz çox geridə qalmışıq. Fikir, təhsil, inkişaf. Hər anlamda. Bunun da əsas səbəbi vəhşi olmağımızdı. Əhilləşə bilmirik. Qanımızda var sanki. Sovetlər 70 il özünü cırdı dağıtdı, milyonlarla kitab çap elədi ki, əhilləşək, adam olaq, alınmadı. Müstəqilliyə qovuşan kimi, öz xislətimiz ortaya çıxdı. Biz vəhşi millətik. İbtidai şeylərlə, saxta tariximizlə, ucuz dəyərlərimizlə fəxr etməklə aborigenlərdən, ya piqmeylərdən, apaçılərdən çox az fərqləndiyimizi bütün dünyaya göstərib özümüzə güldürürük. Onlardan tək fərqimiz, imitativ fərqlərdi. Bahalı maşınlar, texnologiya, geyim və s..
 
O da ki, bizlik bir şey deyil. Neftin imitasiyasıdı. Bir də, çox az sayda aydın adamlar var ki. Onlar da millətin uğuru deyil, şəxsi uğurlardı. Bu ölkədə heç bir uğurlu, aydın adam millətin uğuru sayıla bilməz! 
 
Avropada bizə sözün əsl mənasında lox kimi baxırlar. Bizim fəxrlə danışdığımız brendlər Bakıda 4 qat artıq qiymətə satır mallarını, Azərbaycan vətəndaşları demək olar ki, hər sahədə ikili standartlarla qarşılaşır. Viza məsələsində səfirliklərin yaratdıqları problemlərə baxsaq bir daha bunu görərik. İqtisadiyyat sahəsində biabırçılıqdı. Sözün əsl mənasında. Demək olar ki, bütün böyük Avropa şirkətləri bizə soxur. Siz təkcə bp-ni bilirsiz, fəqət belə şirkətlər onlarladı.
 
Flame Towers-i 340.000.000-a tikən “Hill İnternational”ın Malaziyadakı dünyaca məşhur “Petronas ekiz qüllələri”ni 200.000.000 milyona tikdiyini bilirdinizmi? Təbii ki, burda bizimkilərin də yeyinti payı var, mütləq. Amma, fakt faktlığında qalır. Bu gün bütün dünyada məşhur olan McDonalds restoranlar şəbəkəsinin aylıq gəliri bizdən 4 dəfə artıq olan Türkiyədəki qiymətləri Azərbaycandakından daha ucuzdu. Və ya sahibləri “Telia Soneria” və “Türkcell” olan “Azercell”in tariflərinə baxaq. “Azercell”in tariflərini bizdən 4 dəfə varlı Türkiyədəki “Türkcell”in və bizdən 10 dəfə varlı Finlandiyadakı “Telia Soneira”nın tarifləri ilə müqayisə edək. Nə qədər loxlandığımızı başa düşməyimizə bəs edər məncə bu məlumatlar. Kiməsə bəs etməsə, müraciət etsin, cavablandıra bilərəm.
 
Amma, qardaş haqq verirəm. Qazı qazdıyarlar. Qaz olmasaq bizi heç kim qazlıya bilməz. Fakt budur ki, qazıq. Məhlədə, çayxanada “yaxşı oğlan” olsaq da qazıq. Avropadan 2-3 dəfə baha qiymətə danışırıq, Mercedesi almandan 2 dəfə baha qiymətə sürür, iPhone-u amerikalıdan 3 dəfə baha qiymətə işlədirik. Burda gömrük adlı timsahın da böyük “əməyi” var, amma, fakt budur ki, məsələ təkcə gömrük məsələsi deyil. Ay biz daşdan da çorək çıxardanıq, ay bizimkilər hər yeri ələ alıblar, ay bizimkilər hər yerdə fərqlənirlər falan-filan. Biz heç zırt da deyilik. Bu özündənrazılığın səbəbini anlamış deyiləm. Axı biz kimik?
 
Fəxrlə danışdığımız Üzeyir Hacıbəyov kimi dahi sənətkar belə o vaxtın Biləcərisi olan Moskvadan kənara çıxa bilməyib (Söhbət hansısa səfərlərdən, konsertlərdən getmir. Bu günün dünya klassik musiqisi dinləyicisi Üzeyir Hacıbəyovu tanımır). Bizi, Ramil Səfərovla tanıyırlar. Burda türklər demiş, “yarqısız infaz” etmək fikrində deyiləm. Bəlkə, həmin an Ramilin yerində bizlər də olsaq eyni hərəkəti edərdik. Bizi bütün dünya vəhşi, geridəqalmış millət kimi tanıyır. Bir-neçə il əvvəl Türkiyədə bir restoranda “itlər və azərbaycanlılar girə bilməz” yazısı yazılmışdı. Bizim mətbuat ermənidi dedi, kürddü dedi. Amma, o yazını restoranına qoyan əsl osmanlı türkü idi. Və bizi tanıyırdı. O türkə zərrə qədər də qəzəblənmirəm. Buna layiqik. Dünyada vəhşi adına nə münasibət varsa, hamısını görməyə layiqik. Ya dəyişməliyik, ya da it münasibəti görməyə davam edəcəyik.
 
Burda bir-birimizin götünə girməklə, geriliklərimizlə qürur duymaqla deyil. Bu gün Azərbaycanda neftdən, kürüdən və ucuz pivədən başqa xarici bazarlara çıxarılan, satılan ciddi bir məhsulumuz yoxdu. Monopoliyadı, hökümət iqtisadiyyatı nəzarətə götürüb, zırt, pırt, cırt. Bunları anladıq. Amma bu gün, Azərbaycanda onlarla, yüzlərlə “yuxarı”dan dəstəyi olan, hökümət tərəfindən zərrə qədər də təzyiq görməyən iş adamı, biznesmen var. Və onların şirkətlərində çalışan minlərlə “üçdilli” intellektual, qlamur “gənc iş adamları” var. Niyə bu 20 ildə bir poxa yarayan ciddi bir məhsul buraxa bilmirlər?
 
İmkan, şərait var. Pul desən, zibil kimi. Mütəxəssis yoxdu? Puluna minnət, gətir xaricdən. Mənə, xalqa durub özünüzün də bir pox anlamadığınız qəliz iqtisadi qanunlardan moizələr oxumayın. Az-çox iqtisadi təhsilim var, bilirəm ki danışdığınız iqtisadi proseslərin, situasiyaların bizə zərrə qədər də dəxli yoxdu. Ən azından bu gün dünyaya açılmaq istəyən yüz minlərlə keyfiyyətli məhsul buraxan, ancaq maliyyə problemi səbəbindən böyüyə bilməyən texnologiya, innovasiya, kimya sahəsində çalışan şirkətlər var xaricdə. Gedin, kontarkt imzalayın, gətirin o şirkətləri Azərbaycana. Burda da ölkənin gələcəyi üçün kadrlar hazırlasınlar. Amma bunlar edilmir.
 
Bir az pulu, adamı olan o saat qaçır xaricdən hansısa yağın, konfetin, kolbasanın distributorluğunu almağa. Xaricdəkindən ikiqat baha qiymətə satıb xalqı loxlamağa. İran maşınına fransız mühərriki qoyub, Azərbayucan loqosu vurmaqnan kimə gəlirsiz? Ya çin maşınını Naxçıvanda yığıb böyük texnoloji inqilab elədiyinizi düşünürsüz? Sonra da deyin ki, azərbaycanlılar daşdan da pul çıxardır. Ə bə biz niyə görmürük, hıııy?
 
İqtisadiyyatı keçdik, mədəni sahədə də sıfırıq, bəlkə daha da aşağıdayıq. İsveç məhsuluna Azərbaycan peçatı vurub adını Eurovisionda qələbə qoyub millətin boğazından yüzlərlə milyon manat kəsdik. Lox millət bunu da inkişaf adlandırdı. Alə, adam bu qədər qoyun olar yəni? Siz hansı havanı udursuz? Hansı narkotikdən istifadə edirsiz? Alim Qasımovun David Vendetta ilə duetini bizə muğamın dünya səviyyəsində uğuru kimi sırıdılar.
 
Bilməyənlərçün deyim ki, hər il dünyada Dj-lərin reytinqini açıqlayan Dj MAG jurnalının reytinqinə əsasən , Vendetta dünyanın ən güclü 25 Dj-i sırasında yoxdu. Sadəcə adamın tərzi budu. Geridəqalmış musiqi ölkələrindəki milli ornamentlərdən istifadə edərək o ölkələrdə populyarlaşmaq üzərində qurub musiqi siyasətini. Və bacarır da. Duetdən sonra Bakıya gəlib on minləri qatlaması da buna sübutdu. Yoxsa, hansı ağlı başında produsser təxmini eyni qiymətə çıxış edən Paul van Dyk, Tiesto, Afrojack kimi Djləri qoyub Vendettanı Bakıya gətirər.
 
Bizim Biləcəridən o tərəfə keçən ədibimiz, musiqiçimiz yoxdu. Səbəb bilirsiz nədi? Xariciyə Şahin Növrəslini yox, muğamı təbliğ edirik, ədəbiyyatı yox, zurnanı, balabanı təbliğ edirik. Xarici üçün də zurnaynan vuvuzellanın, muğamnan danqa-dunqa rəqsinin fərqi yoxdu. Əladı deyib yola verəcək, pulunu da alıb həyatına davam edəcək. Bu gün azərbaycan dilindən ingilis, alman, fransız dillərinə tərcümə olunan, xaricdə satılan kitablar var. Düzünü desəm bilmirəm kimlər tərcümə edib, kimlər maliyyələşdirib. O kitablar bilirsiz nələrdən bəhs edir? Azərbaycanın muğamından, dolmasından, bozbaşından. Saxta tarixindən, olmayan diplomatiyasından. Və təbii ki, heç kim o kitabları almır. Amma, o maliyyə ilə gənc yazarların əsərlərini tərcümə edib xaricdə satışını təşkil etmək olardı. Bunları da etmədilər. Niyə? Çünki bu millət iPhone-a 3 aylıq maaşını verər, amma kitaba çaypulunu verməz. Çünki, vəhşidi.
 
Amma, ən azından nələrisə dəyişmək üçün imkanlar qalır. Yazını tənqidi notda başladım, bir təkliflə sonlandırmaq istəyirəm. Gənc yazarlarımızın kitablarını ingilis dilinə tərcümə edib Amazon.com-da satışını təşkil etmək olmazmı? Elektron versiyalarının. Qiyməti çox ucuz olsun, maraq cəlb etsin. İrəli mərhələlər öz-özünə gələcək. Və əldə olunacaq vəsaitlərlə o yazarlar yeni kitablarını nəşr etdirsinlər, maarifçiliyə ciddi töhvə də versinlər. Üstəlik kitabların, yazarların beynəlxalq miqyasda tanınması kimi bir şans da var və bu şansdan da istifadə etmək mümkündü. Bəribaşdan uğurlar!
 
İlkin Rustəmzadə
Kultura.az
Yuxarı