post-title

Səbəb və məqsəd intiharı

Onu bir neçə ay bundan qabaq tanıdım. Həyatının artıq geriyədönməz bir halda uçuruma yuvarlandığı vaxtlarıydı. İlk görüşümüzdə ümumi tanışlarımızla olduğumuza görə havadan-sudan söhbət etmişdik, bir-birimizə ümumi gözucu nəzər yetirmişdik, bir az da laqeyd davranmağa çalışırdı, buna görə də onu yaxından tanıma imkanım bir neçə gün sonraya təsadüf etdi.

 

 
 
Diktatorun heykəlinin “1984” əsərində “Böyük Qardaş” kimi ətrafı izlədiyi, ümummilli lider görüntüsü yaratdığı parkda görüşmüşdük həmin gün Leylayla. Günəş olmasa da hava soyuq deyildi, bir az buludlu və mülayimiydi. İşdən 7-də çıxdığına görə görüş vaxtını saat 8-ə işləmiş təyin etmişdik . Bir məsələdə onu mümkün qədər az tanıyan birininin məsləhətinə ehtiyacı olduğunu demişdi mənə. Hər yerə gecikməyi sevən cəmiyyətimizin əksər insanlarından fərqli olaraq gecikməmişdi görüşə, bu, digər görüşlərdə də belə qaldı, hərdən mən gecikirdim, ama bu müddətdə onun harasa gecikdiyinin şahidi olmadım. 
 
Üstündə bənövşəyi mini yubka,qara kofta və yubkasına uyğunlaşan bənövşəyi kostyum varıydı, hər hansı bir firmanın paltarları deyildi əynindəkiləri, çox güman ki, o da mənim kimi paltarlarını üstünə “LTB”, “Mexx” yazılsa da hansısa ucuzvarı “kitay” malları satılan mağazadan almışdı.
 
Küləyin üzünə dağıtdığı uzun, qəhvəyi saçları, bəstə boyu sıradan olsa da , yaşıl rəngə çalan gözlərinin fonunda dalğın, kədərli, bir az da ürkək baxışları fərqləndirirdi onu ətrafdakılardan. Üzünə qısa və diqqətli bir nəzər salmaqla içində necə bir kədər daşıdığını, hətta cisminin belə ona artıq yük olduğunu, bu yükdən qurtulmağa can atdığını görmək mümkünüydü. 
 
Bir az gəzişdik, söhbətləşdik. İş yerindəki müdiri bitərəf deputat X. hər bir işçisinə Leylanın əqidəsinə zidd tapşırıqlar vermişdi. Hakim partiyanın hər yerdə təbliğ edilməsini, təşkil edilən tədbirlərə getməyin mütləqliyini və deputatın çıxışlarını bu tip tədbirlərdə hamılıqla alqışlamağı ,sosial şəbəkədə profilində paylaşılan hər bir postu bəyənməyi və paylaşmağı tapşırmışdı. Müxalif fikirli olmaq, hər nəyəsə görə hakimiyyət nümayəndələrinin ən böyüyündən ən kiçiyinə qədər hər hansı birinə qarşı fikirlər səsləndirməkdən isə söhbət gedə bilməzdi. Bitərəf deputatın fikirlərinin çıxan nəticə beləydi. Daha sonra isə hər bir işçi üçün ayrılan otaqlara da izləmə kamerası qoydurmuşdu niyəsə. Onu narahat edirdi bütün bunlar, ciddi ehtiyacı olsa da aldığı cüzi maaşa tüpürüb çıxmaq istəyirdi işdən. Müdirinin dediklərini edəcəyi təqdirdə isə özünü alçalmış, satılmış biri kimi hiss etməkdən qorxurdu, özünə xəyanət kimi qəbul edirdi bunu. Çalışdım onun əslində bu cür düşünməkdə səhv etdiyini, yaşadığımız ölkədə pul olmasa çox şeydən, hətta uğrunda mübarizə apardığı ideyalardan belə 
uzaqlaşacağını, pulsuzluğa görə evdən çıxa bilməyəcəyini və get-gedə cəmiyyətdən də təcrid olacağını izah edim ona. 
 
Sonra daha sıx görüşməyə başladıq onunla. Həyatının tam bir cəhənnəm olduğunu da elə bu vaxtlar öyrəndim. Ailəsi hər bir mentalitet düşkünü ailə kimi qız uşağı olduğuna görə çox sərt qaydalarla idarə edirdilər onun həyatını. 23 yaşı olmasına rəğmən. Hər gün bir qayda olaraq çantası, oxuduğu kitabların, dəftərlərinin arası yoxlanılırmış. İstirahət günlərində belə hara və nə vaxt getdiyinə açıq-aşkar nəzarət edilirdi, senzuradan keçə bilməyən görüşlər və ailənin əlverişsiz saydığı vaxt evdən çıxmaq qeyri-mümkünüyüdü. Şənbə və ya bazar. Bu günlərdən birində şəhərə çıxırdısa, digər günü evdə qalmaq şərtdiydi onun üçün. Evdə isə valideynlərin, əsasən də anasının deyinmələri, onu özləri kimi etmək cəhdləri gün boyu bitmək bilmirdi. İş günləri də işdən çıxandan sonra evə çatana qədərki vaxtı təqribi müəyyənləşdirmişdi ailəsi, bir az gecikən kimi zəng edirdilər, hiddətli, narahat səsləri isə həm telefonda açıq-aydın eşitmək olurdu, həm də bunun təsirini telefonu bağlayandan sonra Leylanın üz ifadəsindən də görmək mümkünüydü.
 
Ailəsi Leyla sarıdan narahat olduqlarına görə yox, cəmiyyətdəki psevdodəyərərləri baş tacı etdiklərindən onu bu qədər ciddi nəzarətdə saxlayırdılar. Qızın qayğısına qalan, onu düşünən ana, ata, qardaş nəinki bu cür insan həyatını cəhənnəmə çevirən işlər etməz, qadını kölə etməyə hesablanmış bu cür düşüncələrə nifrət edərlər. Düşüncəsizləkdən, savadsızlqıdan əziyyət çəkən, milli-mental dəyərlərdən, şərq vəhşiliyinin bariz nümunəsi olan dindən başqa heç nə haqqında düşünmək belə istəməyən cəmiyyətdə elə ab-hava yaradılıb ki, sanki kişilər, yaxşı oğlanlar olmasa bütün qadınlar ona-buna verəcək, evə bir az gecikən kimi gedib hansısa qabağına çıxan bir oğlanla tanış olacaq və ya ağlagəlməyən əxlaqsızlıqlarla məşğul olacaq. Leyla bu cəmiyyətdə kölə edilməyə çalışılan qadınlardan sadəcə biriydi. Onun ailəsi bəlkə daha mühafizəkarıydı, ama üç aşağı beş yuxarı cəmiyyətdəki bütün ailələr onun ailəsi kimidir.
 
Çox qadın insanlığa, qadınlığa təhqir olan bu qaydaları qəbul edir, onu qoruyur, baş tacı edir, gələcək nəsillərə ötürür. Kimisi bu təzyiqləri ərə getməklə yumşaldacağını zənn edir, ancaq onlar da birincilərdən çox da fərqlənmirlər. Öz ayaqlarının üstündə dura bilmədikcə bu cür yaşayışdan qurtara bilməyəcəkləri kimi sadə bir həqiqəti düşünmür belələri. Az da olsa bir qisim öz ayaqlarının üstündə durmağa çalışır, bəzən isə bu mümkün olmur, belələri isə son çarəni intiharda görürlr. Leyla da bir neçə dəfə intihara cəhd etmişdi, ama bəxtindən, ya bəxtsizliyindənmi, ya ailəsinin onu otağında belə qısa müddətlik də olsa tək qoymadığana görə hər dəfə bu cəhdərin qarşısı alınmışdı, hər cəhdin sonunda isə ailəsi daha da qəddarlaşmışdı ona qarşı. 
 
Tanışlığımızdan bir neçə gün keçmişdi, bu müddətdə daha yaxşı tanımışdım onu, bakirə olmadığını, bundan ailəsinin xəbəri olmadığını, sevgilisinin isə siyasi mühacir kimi Avropa ölkələrindən birinə getdiyini danışmşdı mənə. Ona da getmək təklif etmişdi, ama o qəbul etməmişdi, getsə, ailəsini gözü yaşlı qoyacağını və hər gün bunu fikirləşdikcə vicdan əzabı çəkəcəyini bilirdi ailəsinin onu bu qədər sxmasına rəğmən. Ölüm isə onun üçün çıxış yolu kimi gəlirdi, özünə “əgər ölsəm, ailəmin göz yaşlarından xəbərim olmayacaq, yox olub gedəcəm” fikriylə təskinlik verirdi.
 
Görüşümüz məlum səbəblərə görə istirahət günləri xaric çox da uzun çəkmirdi İşdən çıxıb piyada evə gedirdik, yolüstü bir az parkda oturmaq qərarına gəldik. Qardaşı da bu ərəfədə Qubaya getmişdi, heç gözləmədiyi bir halda qardaşından zəng gəldi, başladı klassik qardaş sualları verməyə ki, hardasan, evə neçədə gedəcəksən və sə. və i. Qardaşı da ondan tələb olunan, cəmiyyətin ondan gözlədiyi funksiyasını yerinə yetirirdi, ancaq bu cəmiyyətin insanları anlaya bilmirlər ki, qarşısındakı insandır, hər inamsızlıq, hər addımı izləmək, özünü namus keşikçisi kimi göstərmək, guya qardaş olmasa qızın hər kəsə paylayacağı və ya yanından keçən hər kəsin ona sataşacağı görüntüsü yaratmaq hər şeydən qabaq o qorumaq istədiyi, sevdiyi insana təhqirdir, onu aşağılamaq, alçaltmaqdır. Yeri gəlmişkən, yolda hansısa bir qadın gedərkən ona söz atan tiplər də məhz onun qardaşı kimi öz bacısının namusunu qoruyanlardır.
 
Sevgilisinin də getməyindən və axırıncı cəhdinin də uğursuz alınmasından sonra biganələşmişdi hər şeyə. Kamyunun yadından tək fərqi başına gələnləri görməsi, buna ürəyi ağrıması idi, ama ailəsinin yanında keçən hər gün onun həyatının cəhənnəm olmasına, sevgiyə, sevincə, kədərə - həyatı həyat edən hər şeyə biganələşməsiydi.
 
Hər keçən görüşümüzdə onu bir az daha əzgin, daha da bezikmiş görürdüm. Nəhayət bardağı daşıran son damla oldu. Cəmiyyətin hər bir qadın üzvü kimi onun da doğulan andan boynuna qoyulan başlıca vəzifə ərə getmək, uşaq doğmaq, özünün istəmədiyi hallarda belə daima ərinin seks tələbatını ödəmək, evin qulluqçusu olmağıydı. Ailəsi digər ailələr kimi qız olduğuna görə onu mümkün qədər ərə verib, əldən çıxarmaq, rahatlaşmaq istəyirdilər. Bu fikrin ailəsində qətiləşməsi Leylanın növbəti intihara cəhd etməsi deməyiydi. Həyatdan getməkdə israrlı olan insanlar üçün intihar saatı, vaxtı, yeri o qədər də önəmli olmur, təki tez azad olsunlar bu yükdən.
 
Otağındakı bir müddətlik təklikdən istifadə edib bu əzablara son qoymaq üçün evdən gizlicə götürdüyü ipə baxdı. Bu ip ona həm azadlıq vəd edirdi, həm də qorxu. Bu dünyadan ən qısa vaxtda canını qurtarmaq duyğusu rahatlıq versə də, onu cəsarətləndirsə də həyatı yaşaya bilməmiş olması onu qorxudurdu. Gözünün qabağında canlanırdı hər şey. Ailəsinin cəsədi tapınca keçirəcəyi hisslər, anasının qışqırığı, bəlkə özündən gedəcəyi, öz cəsədinin necə bir hala düşəcəyi, daha sonra intiharla bağlı insanların düşüncələri, əsl səbəbi çox az adamın başa düşəcəyi, onun üçün ağlayacaqları və “keşkə zamanı geri qaytarmaq mümkün olsa da onu xöşbəxt edə bilsək” kimi düşüncələr və əgər ruh varsa, onun bütün bunları görəcəyi, ancaq geri qayıtmağın mümkünsüzlüyü fikri onun qəlbini sıxırdı. Bu isə insanda yaşam həvəsi oyatmaqdan daha çox insanın daha da bədbinləşməsinə səbəb olur. Indi sağ qalsa bəlkə bir müddət sonra həyatının qaydasına düşəcəyini, düzələcəyini düşündü, ama ailəsinin, yaşadığı cəmiyyətin həmişə onun həyatına müdaxilə edəcəyini, yenidən başlamağın sadəcə ağılsızlıq olduğunu, nəticədə yenə eyni vəziyyətə düşəcəyini düşünməsi onu yenə qəmginləşdirdi. Əvvəlki cəhdlərində bu qədər dərinə getməmişdi düşüncələrində, ifadə edə bilmədiyi o qədər çox fikir varıydı ki, beynində. Ama artıq əvvəlkilərdən fərqli olaraq intihar da çıxış yolu kimi gəlmirdi ona. Başa düşmüşdü intiharın onun təsəvvür etdiyi kimi rahat olmayacağını, həm intiharın onun üçün əvvəlki cəzbediciliyi də qalmamışdı.
 
Ama artıq qərarını vermişdi, seçim etməliydi, nisbətən yaxşı olanı seçməliydi. Ölüm, dünyadan getmək isə hələ də nisbətən yaxşı seçimiydi onun üçün.
 
Stula çıxdı, beynində yenə bütün fikirlər işıq sürətiylə gəlib keçirdi bir-bir, düşünməməyə çalışırdı cəsarətini itirməmək üçün, ama özündən də uzaqlaşdıra bilmirdi bu fikirləri. Və budur, kəndir artıq onun boğazındadır, sadəcə bir addım qalıb, sonrası isə ondan asılı olmayacaq, istəməsə belə öləcək, bu fikrin özü belə qorxuducuydu, ama Leyla stulu ayağının altından atdı...
 
............
 
Sabah mətbuatda daha bir intihar xəbəri yayıldı
 
Ümid Xəzər

 

Yuxarı