post-title

Qənirə - özünəqayıdış hekayəsi

Azərbaycan gəncliyinin beynində bir kabus dolaşır. Qənirə Paşayeva kabusu. Minlərlə qız ona heyran olur, həyat yolunu keçmək istəyir. Bir sözlə böyüyəndə Qənirə olmaq istəyir. Məktəb qurtarmamış qızların, oğlanların "Qənirə sevgisi" mənim üçün hər zaman sual olaraq qalıb.

 

 
Hələ ANS-də işləyərkən bir müsahibəsinə qulaq asmışdım. Tibb Universitetində oxuyanda dərslərdən qaçırmış ki, ANS-də işləsin. Sonralar Qənirə ANS-lə də yetinmədi. Daha böyük hədəflər ardınca qaçdı. Həm də doymadan, durmadan. Qənirəyə pərəstiş edən, onun uğrunda yoldaşını cırmağa hazır olan qızları görəndə fikirləşirdim: Axı, bu natamam papaqçının nəyinə pərəstiş edirlər? Bu insan həyatında bircə peşəni sonacan aparmayıb ki, kiməsə nümunə olsun?
 
Ancaq Qənirə düşündürür. Şəxsən psixologiya üzrə elmi iş müdafiə etsəydim, düşünmədən "qənirə fenomeni" üzərində işləyərdim. Suallara cavab azəriləri yaxşı tanıdıqca gəldi. Onun Lent.az-da yazıçı Günel Mövluda verdiyi "Mən maksimalistəm - hər şey ya heç nə..." müsahibəsi tam bir aydınlatma oldu. Jurnalist soruşur:
 
- Qənirə xanım, niyə həmişə qara geyinirsiniz? Cəmiyyətə açıq deyilsiniz, ifrat rəsmisiniz, nə olacaq bunların axırı?- Bilirsən, mən belə böyümüşəm. Bu xasiyyət, bu ciddi, rəsmi həyat tərzi mənim öz seçimim deyil. Dörd yaşında məktəbə gedən, 5 yaşından məktəbdə oxuyan, dərsdən başqa musiqi ilə, şahmatla məşğul olan uşaq olmuşam.  Mənim heç vaxt oyuncaqlara, qonşu uşaqları ilə oxumağa vaxtım olmayıb. O ki qaldı qara, boz rənglərə bunlar mənim ruhumun rəngləridi. Düzdü, rəngli paltarlar geyinən adamlar görəndə xoşuma gəlir. Amma özümün içimdən gəlmir o rəngləri geyinmək. Mənim ruhuma ağ-qara, boz daha uyğundur.
 
Mən bu sözlərin altında on minlərlə gəncin pərəstiş etdiyi uğur ilahəsini deyil, bədbəxt bir insanın taleyini gördüm. O bədbəxt kimsənin nümunəsində qəfəs içində böyüdülmüş on minlərlə gəncimizin faciəsini gördüm. Bəli, Qənirə fenomeni və ardıcılları ancaq Azərbaycan kimi xəstə cəmiyyətlərdə törəyə bilər. Z.Freyd deyirdi ki, cəmiyyət seksual tələbatları təmin olunmamış insanlardan siyasi liderlər yetişdirir. O nəzəriyyəsini A.Hitler nümunəsi ilə əsaslandırmışdı. Əlbəttə ki, alman cəmiyyətindən fərqli olaraq, Azərbaycan Hitler kimi dahi strateq və natiq yetişdirə bilməz. Yetişdirsə-yetişdirsə hay-küyçü, heç nə ilə yetinməyən qənirələr yetişdirə bilər.
 
Seksual tələblər dedikdə təkcə cinsi həyat başa düşülməməlidir. Freydizm buraya təmin olunmamış uşaqlıq arzularını, parnik həyatı keçirmiş insan həyatını daxil edir. Yazıçı Seymur Baycanın yaxşı sözü var: "İnsan dondurmanı, topu, velosipedi vaxtında görməlidir. Sonra böyüyüb "Jeep" sürsə də xeyri yoxdur".
 
Uşaqlıqda adi oyuncaqlara, insani münasibətə həsrət qalan minlərlə "donqili"nin harınlığını hər gün görürük. Onlar milyonlar qazanır, ancaq insanlıqları artmır. Qənirə "donqili" deyil. O, mükəmməliyyətçi uşaq böyütmək istəyən sovet ailəsində böyüdülüb. Bu səbəbdən Qənirə "elit" gördüyü hər peşəyə, hər vəzifəyə acgözlüklə can atır. Hər sahədə sınanmaq istəyir, ancaq özünü tapa bilmir. Uşaq həkimi, jurnalist, tarixçi-araşdırmaçı, Heydər Əliyev fondunun mətbuat katibi, deputat, şairə, yazıçı, tibbi bacısı, diplomat, erməni qənimi, "El anası", daha nələr, nələr. Unutduğum peşələri siz sayın. Natamam papaqçının peşə ehtirası bitmək bilmir ki, bilmir. Dünyanın genosid olunmayan "G" nöqtəsi qalmayıb ki, orada olmasın. Kosovo, Bosniya, Türkiyə, Somali və s.
 
Qənirəni necə tanımışdıq? Heydər Əliyevə ara vermədən sual verən, jurnalist həmkarlarının sözünü ağzında qoyan hak-küyçü müxbir qız kimi. Əlbəttə "Qızım səsini kəs. İmkan ver başqaları da sual versin" deyib, Qənirə əfsanəsini o an bitirə bilərdi. Ancaq Əliyev haqqı ilə yaşamaq istəyənləri yox, başqasının başına qapaz vurub çörəyini əlindən alanları, sırtıq sifətləri sevirdi. O, "sənin hakimiyyətdə qalmağa mənəvi haqqın yoxdur" deyən aciz bəndələrə istehza edirdi. Ətrafına yığdığı məmur tayfası bu xasiyyətdə adamlar idi. İndi tamahı dur deməyənlərin zillətini çəkirik. Üfüqdə isə qənirələrin ulduzu parlayırdı.
 
Somali səfəri Qənirənin maskasını yırtdı. İnsanlar "Somaliyə gedirsən, Sabirabadda daşqından, Zaqatalada zəlzələdən evi dağılanların yanına niyə getmirsən?" sualı verməyə başladılar. Qənirənin isə cavabı belə oldu: "Əvvala mən oradan deputat seçilməmişəm. Problemləri varsa, bildirişlə müraciət etsinlər". Eybi yox, 2015-də namizədliyini Somalidən verərsən. Ora ki, bildirişsiz, müraciətsiz getmişdin.
 
Qənirənin saxta vətənpərvər olduğu əvvəl də məlum idi. Millət vəkili seçiləsən, millətinin qadınının polis təpiyi altında əzildiyini görməyəsən. Sadəcə Güney, Qarabağ, Türk dünyası temaları cəmiyyətimizdə tabudur. Ən cəsarətli adam da susmağa məcbur idi. Zarafat deyil, bu ölkədə qarşı çıxan "lyuboy" oğlanın yerindəcə "ermənipərəst" olma şansı var. Sonra get qanını analizdən keçir ki, bəs mənim damarımda erməni qanı axmır. Yenə də inanmazlar. 
 
Kimlərdir Qənirəni müdafiə edənlər?
 
1.Böyüyəndə Qənirə olmaq istəyən qızlar - Əksəriyyəti 150 balın altında qalan bisavad nəsil. Facebookda onu müdafiə etmək üçün özünə əl qatan qızlara fikir verin. Onları ortaq cəhət birləşdirir. Profilə öz fotolarını qoymurlar. Bax bunlar həmin qəfəs içində böyüyən qızlardır. Adi rəfiqəsi ilə görüşə ata, məhlə uşağı qorxusu ilə gedənlər vətən xilaskarı olmaq istəyirlər. Vətən, millət anlayışı darısqal həyətindən, peyinli tövləsindən kənara çıxmayan bu bədbəxtlər millət vəkili seçilib, milləti xaricdə təmsil etmək istəyir. Sabah qarşılarında vəzifə, karyera, xaricə səyahət seçimi dursa, baxmazlar heç nəyə - ərlərini də "tryapka" kimi əzib keçərlər.
 
2.Rusdilli fifoçkalar - Azlıq təşkil edirlər. Ən böyük arzuları, varlı, Amerika, Avropa təhsilli gəncə ərə gedib yağ-bal içində yaşamaqdır. Nazir müavini "saxlayan"a da yox deməzlər. Elit məslislərdə, məhşur simaların, siyasətçilərin ətrafında fırlanmaq istəyirlər. Dolma, "Sarı gəlin" mövzuları öz dilində danışmağa utanan bu təbəqə üçün özünü təsdiq vasitəsidir. Qənirə isə onlar üçün qlamur kraliça.
 
3.Küləklə sovrulanlar - Hərdən intellektual, cazibədar Qənirə pərəstişkarı qızlara rast gəlirsən. Özünə sual verirsən ki, axı bunun nəyi əksikdir ki, Qənirəyə pərəstiş edir? Bu o şəxslərdir ki, ictimai həyata böyük hədəflərlə gəlirlər. Şəxsi həyat, ailə qurmaq bir kənara atılır. Ancaq irəli gedirlər və görürlər ki, yolun sonunda məhşurluq görünmür. Yaş 30-u vuranda böyük xəyallar solur. Ömürlərinin geri qalan hissəsini Heydər Əliyev kimi xalqa bağışlamağı düşünürlər.  :) Tənha və böyük Turan eşqi ilə yanan Qənirə ailəsiz həyatın təskinlik simvoluna  çevrilir.
 
Qənirə Paşayeva haqqında konkret bir şey deyə bilmərəm, ancaq qızlar tanıyıram ki, yalquzaq kimi düşüblər ictimai sektorun canına. Heç bir kişini özlərinə layiq görmədiklərindən kimsə ilə normal münasibətləri yoxdur. İddialarından başqa. Yaş artdıqca qəlblərində qara rəng də artır. Deputat mandatlı Qənirə ola bilməsələr də, axırda gəlib olurlar "müxalif qənirə".
 
Qənirədən soruşurlar ki, Simon Bolivar, Lermontov, Çe Qevaraya rəğbət bəsləyən adam niyə onların həyatını yaşamaq istəmir? Cavab verir ki, mən onların həyat tərzlərini yox, ruhlarını, elədiklərini bəyənirəm. Qəhrəmanlara pərəstiş edib, amma meydana atılmadan şan-şöhrət, zənginlik içində yaşamaq minlərlə milli qənirənin arzusudur. Onların fikrincə "Azadlıq", "İstefa" şüarlarını ancaq eybəcər qızlar qışqıra bilər. Özləri isə lüks zallarda ingiliscə danışıb, xalqa vətəni sevməyi öyrətməlidirlər.
 
Qənirəni müdafiə edən kişilər də az deyil. Bunlar o şəxslərdir ki, höküməti tənqid edə bilmirlər. "Bu dəqiqə gəlib aparacaqlar" qorxusu ilə hər an batırmağa hazırdırlar. "Patriotluq alçaqların sonuncu sığınacaq yeri" olduğu kimi bu gədələrin də son özünü ifadə yeri Qənirədir.
 
Sırf yerliçilik düşüncəsindən müdafiə edənlər də var. Onlardan biri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur. Bədbəxtçilik onda deyil ki, Qənirəni Rauf müdafiə edir. Bədbəxtçilik ondadır ki, gündə on kərə "tayfa-klan rejimi" deyib, hakimiyyəti tənqid edən İctimai Palatanı bu tayfabaş idarə edir.
 
Qənirənin bu fotosuna diqqət yetirin. Heç nə onu bu foto qədər dəqiq ifadə edə bilməz.
 
Arxada gözü bağlı ədalət ilahəsi Femida, ön fonda "first lady"ə oxşamağa çalışan Qənirə.
 
Femida kimi Qənirə də ədaləti müdafiə missiyasını öz üzərinə götürüb. Biri əlində ədalət tərəzisi tutur, digəri deputat mandatı. Femida icra olunan ədalətə kor qalır, Qənirə hakimiyyətin xalqa divan tutduğu "ədalət"ə. Və nəhayət hər ikisi yüzminlərin gözündə ilahədir.
 
Amma bütün saxta bütlər kimi qırılacaqları bir gün vardır.
 
Somali səfərini Qənirənin özünə qayıdışı da adlandırmaq olar.
 
O, karyera qasırğasından keçib başladığı yerə - uşaq həkimliyinə qayıtdı. Uşaqları necə müalicə edirdi bilmirəm. Amma ayağa qalxa bilməyən uşağın qoluna bağladığı saat faciəyə əsl ironiya idi.
 
Görəsən qol saatı o uşağın nəyinə yarayacaqdı? Aclıqdan, xəstəlikdən tükənən ömrünü saymağamı? Gözlərini yuman gün dəqiq vaxtı bilməsi üçünmü?
 
Artıq bu sualların cavabını heç kəs verə bilməyəcək. Amma o faciədən çəkilmiş şəkillər bütün dünyaya Qənirə mərhəmətinin Tereza anadan əksik olmadığı mesajını verəcək.
 
Bir çoxunuz Puşkinin şeri əsasında çəkilmiş "Qoca balıqçı və qızıl balıq" cizgi filminə baxmısınız. Qoca balıqçı arzuları yerinə yetirən balıq tutur. Heç nə istəmədən balığı buraxır. Evə gələndə qarısı "heç olmasa, təzə ləyən istəyərdin" deyə qocanı qınıyır. Qarı təzə ləyən alır, amma gözü doymur. Sonra dvoryanka, çariça və nahəyət dənizlər hökmdarı olmaq istəyir. Sonuncu arzuda hər şey puç olur, qarı sınıq ləyəni ilə qalır.
 
Maksimalist Qənirə də "heç vaxt heç vaxt" demir.
 
O, arzudan arzuya qaçır.
 
Əlbəttə, karyerasının ən böyük arzusu "birinci ledi" olmaqdır. Son zamanlar bu açıq sezilir. Ancaq indi belə arzunun reallaşması onun məhvi demək olardı. "Kim bilir belki yarın, belki yarından da yakın".
 
Eynən  Puşkinin qarısı kimi Qənirə də yüksəldi-yüksəldi və sonunda özünü tapdı. Ləyənin yanında.
 
 
 
 
 
 
 
 
 
 
 
Ramil Qafarov

 

Yuxarı