post-title

Ay aparan

Qorxurdum bir vaxtlar həyatdan...Çəkinirdim ondan...Yeni tanış olduğu insanın yanında özünü aparan insan kimi aparırdım özümü ona qarşı. Həm də önəmli ola biləcək insanın qarşısındakı kimi. Münasibətim də fərqli idi. Hər addımımı ölçüb biçirdim. Bugün mənasız görünən hər kəlimə dünyanın ən mənalısıydı, ən önəmlisiydi və yaşamın belə düşünülmədiyi qədər düşünülürdü, yaradılışın belə layiq görülmədiyi diqqətlə, məsuliyyətlə seçilirdilər.

 

Hər varlığın bir önəmi var idi, hər yaradılan vacib idi - ruhu vardı, missiyası vardı gözündə. Həyat çox kövrək idi toxunmağa qorxurdun. O, bütün olanda gözəl idi. Ona kristaltək şölələnmək yaraşırdı, amma paramparça olması ağlına belə gəlməzdi, gətirmək istəməzdin düzü. İfunət ətir, zibillik gülüstan idi. Dəniz əsla coşmazdı. Çay həmişə axardı, lakin daşmazdı. Yağışın hər damcısı minillərin həssaslığı ilə yaradılmışdı – narın-narın yağardı, leysan olmazdı. Gözyaşlarının sadəcə insan sevinəndə süzüldüyünü düşünərdim, qəmin üzü nəm etməyi ağlımda kəm idi. İnqilab əsla cəlbedici deyildi hətta lüğətimdə belə yox idi.

Hər şey, bütün kainat, var olan, var olmayan hər şey qorxu idi. Her şey Allah, hər şey tanrı idi. Toxunub, xətrinə dəyib günah işləməkdən qorxurdun. Çərçivənin içində həbsdəydin bəlkə də, amma bezməzdin, sıxılmazdın, yorulmazdın eyniliklərdən. Axı ‘cənnət’dəydin... Yaşadığın çərçivə ‘cənnət’, içindəkilər ‘cənnətin sakinləriydilər’. Qovulmaqdan qorxurdun.

-Yox, yox çəkinmək yox! Qorxu sözün əsl mənasında qorxu.

Qorxu bədənini sarırdı sarmaşıqtək! Ananın səni bağrına basmasından daha çox sarırdı ruhunu, amma şikayətlənməzdim qətiyyən, naşükürlük etməzdim. Çünki doğrudan hər şey o qədər dəyərli idi, çünki bir gül bir tanrı idi, çünki bir insan bir tanrı idi, çünki hər şey özü-özlüyündə bir tanrı idi. Və heçkəs bu mükəmməlliklərdən əl çəkmək istəməzdi. Hətta dünyanın öz yaşamını davam etdirməsinə görə belə. Heçkim bu qədər altrist ola bilməzdi, hec kim! Ən meqoloman idin, ən eqoist. Çünki dünyan var idi. Sən idin tanrısı o ‘çərçivə’nin. Məhvolmazdın orda, məğlubedilməzdin. Bütün döyüşlərin sərkərdəsi, bütün səhnələrin baş rol ifaçısı və əvəzedilməzi. Qayğısızlıq dəryasında üzərdin, hər dəm xumar olardın. Beynin həmişə nəşəli olardı sanki ağ atın quyruğuynan süpürülübmüş kimi. Amma her zaman bir qorxu, bir şübhə sorardı beynini:

-‘Bəs məni ‘cənnət’imdən ayırsalar?!’

Yalnız ‘Ay’ ola bilərdi cəlladın. Yalnız o ayıra bilərdi səni dünyandan. Sanki sevincinə, xoşbəxtliyinə ölçü cihazı qoyubmuş kimi. Qısqanardı səni... Təbəssümün artdıqca daha qeyzlə, daha dərin parlardı sənə. Sanki araşdırırmış kimi, nöqsan axtarırmış kimi. Göz qəlbin güzgüsüdü deyirlər, doğrudur, çünki güzgünün də bir tərəfi kordu-həqiqəti görməz. Sən də həqiqəti görmərsən ‘Ay’ın baxışlarında. Hər göz təmasında qeybdən bir səs qulağına pıçıldasa da:

-‘’Ay’a baxma,aparar!’

Elçin Süleymanov

Redaksiyadan: üslub və orfoqrafiyaya toxunulmayıb.

Yuxarı